Xəbərlər
Xəzərdə Rusiya-İran birgə hərbi təlimləri başlayır

İyulun 21-dən Xəzər dənizində Rusiya-İran birgə hərbi təlimləri başlayır. Bu barədə İran mətbuatı yazır.
"Təlimlərə İran Ordusunun Hərbi Dəniz Qüvvələri, İran İslam İnqilabı Keşikçiləri Korpusu, Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri və Xəzəryanı ölkələrdən müşahidəçilər qatılacaq", – "Tasnim" agentliyi yazır.
Təlimlər üç gün davam edəcək. Məqsədin dənizdə təhlükəsizliyin artırılması və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi olduğu vurğulanır.
Xatırlatma
Bu ilin yanvarında Rusiya və İran prezidentləri Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar. İki ölkə rəsmilərinin sözlərinə görə, saziş müdafiə, terrorla mübarizə sahələrini də əhatə edir.
Ötən ilin dekabrında Bakı-Qroznı aviareysini yerinə yetirərkən AZAL təyyarəsinin Qazaxıstanda qəzaya uğraması, iyunda Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının Azərbaycan əsilli insanlara qarşı reydindən sonra Bakı-Moskva münasibətləri gərginləşib.
Azərbaycanla İran arasında da 2024-cü ilə qədər müəyyən gərginlik olsa da, ötən ildən münasibətlərin düzəlməsinə dair qarşılıqlı açıqlamalar verilib. Bununla belə, ötən ay İranla İsrail arasında bir neçə həftə çəkən toqquşmalardan sonra bu ölkədən Azərbaycan əleyhinə də fikirlər səslənmişdi. Azərbaycan rəsmiləri isə İran-İsrail münaqişəsində neytral olduqlarını deyirlər.
Xalq Cəbhəsi üzvünün həbsdə təxribatla üzləşdiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Təşkilat şöbəsinin həbsdə olan müdir müavini Elxan Əliyevin 17 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) təxribatla üz- üzə qaldığı bildirilir.
Bu barədə həmin partiyadan məlumat verilib.
Partiya yoldaşlarının deməsinə görə, bir müddət əvvəl 6 saylı CÇM- dən yeri dəyişdirilmiş E.Əliyevin gününü 17 saylı CÇM-də, sözün əsl mənasında, qara edirlər.
"Elxan bəy ailəsinə bildirib ki, müəssisəyə gəldiyi gündən rəhbərlik tərəfindən ayrıseçkiliyə məruz qalır. Belə ki, Elxan bəyə salam verən, onunla yaxınlıq edən dustaqlara müəssisə rəhbərliyi xəbərdarlıq edib, töhmət verir . Bundan başqa, digər dustaqları Elxan bəyin üstünə qaldırırlar ki, Elxan bəy aqressiv cavab versin. Bununla da Elxan bəyi təxribata çəkib daha ağır cəza versinlər. İş o yerə çatıb ki, Elxan bəy normal qidalana da bilmir...", - AXCP-dən bildirilib.
AXCP-dən vurğulanıb ki, bu cür münasibət insult keçirmiş E.Əliyev üçün həyatı təhlükə yaradır: "Elxan bəyin verdiyi məlumata görə, bütün bunların başında Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov durur. Məhz onun tapşırığı əsasında o hər gün təxribatla üz-üzə qalır".
Bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bu xidmətdən, bir qayda olaraq, iddia edirlər ki, onlar məhbuslarla qanun çərçivəsində davranırlar.
Dələduzluqda ittiham edilən E.Əliyev ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə 5 il həbs cəzası alıb. O, ittihamı qəbul etmir.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda 15 civarında üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 370-dan çox siyasi məhbus var.
ABŞ məhkəməsinin qərarı ilə AzadlıqRadiosuna maliyyə ilinin qalan hissəsinin pulu ödəniləcək

ABŞ məhkəməsi AzadlıqRadiosunun ABŞ-nin Qlobal Media Agentliyinə (USAGM) qarşı qaldırdığı iddiada AzadlıqRadiosuna Konqres tərəfindən ayrılmış vəsaiti ödəmədiyinə görə ilkin qərarın verilməsi ilə bağlı tələbini təmin edib.
ABŞ-nin Kolumbiya Dairəsi üzrə Federal Dairə Məhkəməsinin hakimi Roys Lambert iyulun 18-də çıxardığı qərarda bildirib ki, USAGM AzadlıqRadiosuna 2025-ci maliyyə ili üzrə Konqres tərəfindən ayrılmış qalan vəsaiti ödəməlidir. Hakim yekun qərarında bildirib ki, agentliyin bu vəsaitlərin verilməsini ağır və yeni qrant şərtlərinin tətbiqi ilə şərtləndirməsi və AzadlıqRadiosu ilə xoşniyyətli danışıqlardan imtina etməsi qanun pozuntusudur.
"Bu, məhkəmənin bildiyi qədəri ilə, bir dövlət agentliyinin uzun illərdir işlədiyi bir qrant alan qurumla münasibətlərinə tamamilə yeni şərtlər tətbiq etməyə çalışması və sonra kommunikasiyanı dayandırması – xüsusilə də agentliyin konkret şəkildə adı çəkilən həmin quruma hər il Konqres tərəfindən ayrılan vəsaiti vermək üzrə qanuni öhdəliyi olduğu halda – görünməmiş bir haldır",– hakim qeyd edib.
Yayımçının maliyyə təminatına olan təhdid, AzadlıqRadiosunun 27 dildə və 23 ölkədə yayımlandığı auditoriyalarda, eləcə də media müşahidəçiləri, analitiklər və demokratiya tərəfdarları arasında qlobal dəstək dalğası yaradıb.
Lambert qərarında həmçinin bildirib ki, "USAGM-in maliyyələşmə öhdəliklərinə açıq-aşkar etinasız yanaşması" AzadlıqRadiosunu kütləvi məzuniyyətlərə, proqramların ləğvinə və qurumun onilliklər ərzində qurduğu qlobal nüfuzunu qaçılmaz zərərə məruz qoyub.
AzadlıqRadiosunun prezidenti və baş icraçı direktoru Stiv Kapus bəyanatında bildirib ki, bu qərar "USAGM-i AzadlıqRadiosunun həyati əhəmiyyətli missiyasını yerinə yetirməsi üçün zəruri olan vəsaiti buraxmağa məcbur etmək məqsədilə aparılan ardıcıl hüquqi səylərin zirvəsidir. Bu qələbə jurnalistlərimizə, hər həftə xəbərlərimizə etibar edən və avtoritar hökumətlərin zərərli təbliğatına qarşı həqiqətləri öyrənmək istəyən təxminən 47 milyon insana çatmaq səylərini davam etdirmək üçün zəruri olan gücü verir".
Kapus həmçinin vurğulayıb: "İndi heç vaxt olmadığı qədər biz informasiya məkanını tiranlara təslim edə bilmərik". O qeyd edib ki, bu məhkəmə qərarı sayəsində "AzadlıqRadiosu ABŞ-nin milli təhlükəsizlik maraqlarını irəli aparmağa davam edə bilər".
USAGM həftəlik 60-dan çox dildə 400 milyondan artıq insana xəbər və informasiya yayımını həyata keçirən müstəqil bir ABŞ hökumət agentliyidir.
2025-ci maliyyə ili üçün USAGM-in ümumi büdcə tələbi 950 milyon dollar təşkil edib. Bu vəsait agentliyin bütün əməliyyatlarını və kapital yatırımlarını maliyyələşdirmək üçün nəzərdə tutulub.
Bu büdcəyə Azad Avropa/Azadlıq Radioları (RFE/RL), "Amerikanın Səsi" (Voice of America), Azad Asiya Radiosu (Radio Free Asia), Kuba Yayım Ofisi (Radio Martí), Yaxın Şərq Yayım Şəbəkələri (MBN) və Açıq Texnologiyalar Fondunun (Open Technology Fund) fəaliyyətinin maliyyələşdirilməsi daxildir.
USAGM sənədlərinə əsasən, 2025-ci il üçün AzadlıqRadiosuna nəzərdə tutulan büdcə təxminən 153 milyon dollar idi.
Əliyev: 'Bizim ərazidə heç bir icarədar ola bilməz'

Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumda Ermənistanın Sünik bölgəsindən keçəcək yolla bağlı ABŞ-dən təklif gəlməsi və buna Ermənistanın münasibəti ilə bağlı suala cavab verib.
İ.Əliyev vurğulayıb ki, əslində bu sual Ermənistan rəhbərliyinə ünvanlanmalıdır: "Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan nə etmək istəyir? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur".
Əliyevin sözlərinə görə, onlar üçün isə "ən başlıca məsələ odur ki, ...Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçid olmalıdır".
Bugünlərdə Ermənistan baş naziri Nikol Paşinyan da Sünik (Zəngəzur) yolu ilə bağlı ABŞ-dən təkliflər aldıqlarını təsdiqləmişdi.
Onun deməsinə görə, Ermənistan təkcə ABŞ-dən deyil, digər dost ölkələrdən də müxtəlif təkliflər alıb və almaqda davam edir. "Çox vacib bir məqam var – müzakirə olunan bütün məsələlər Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası əsasında aparılır", –N.Paşinyan vurğulayıb.
ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak iyulun 13-də Nyu-Yorkda jurnalistlərə bildirib ki, ölkəsi Naxçıvanla Azərbaycanın qalan hissəsini birləşdirəcək yolu 100 il müddətinə icarəyə götürmək təklifini edib.
Azərbaycan hökuməti Naxçıvanla quru əlaqəsini nəzərdə tutan, Ermənistanın Sünik ərazisindən keçməli olan yola "Zəngəzur dəhlizi" deyir. Ermənistan tərəfi isə bunu ərazi iddiası adlandırır.
Ermənistanla kommunikasiya xətlərinin açılması məsələsi əvvəllər sülh sazişi layihəsində yer alsa da, tərəflər 2024-cü ilin avqustunda bəyan etdi ki, bu müddəa qarşılıqlı razılıq əsasında layihədən çıxarılıb.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.
Çexiyada kommunizmin təbliği cinayət sayılacaq

Çexiya prezidenti Petr Pavel kommunist ideologiyasının təbliğinə görə cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutan qanunu imzalayıb.
Kommunizmin təbliği artıq qadağan olunmuş nasist baxışlarının yayılması ilə eyni səviyyədə qiymətləndirilir.
Qanuna əsasən, "insan hüquq və azadlıqlarını açıq şəkildə boğmağa və ya irqi, etnik, milli, dini və ya sinfi nifrəti qızışdırmağa yönəlmiş nasist, kommunist və ya digər hərəkatları yaradan, dəstəkləyən və ya təbliğ edən" şəxslər üçün 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bohemiya və Moraviya Kommunist Partiyası (KSČM) qadağa ilə bağlı müvafiq qərarı pisləyib. "Bu, KSČM-i kənarlaşdırmaq və mövcud rejimi tənqid edənləri qorxutmaq üçün növbəti uğursuz cəhddir", - partiya bildirib.
"Euractiv" yazır ki, yeni qanunun kommunist ideologiyası olan partiyalara necə şamil ediləcəyi hələ də aydın deyil. KSČM hazırda parlamentdə mandata sahib deyil, lakin son sorğulara görə, partiyanı dəstəkləyənlərin sayı 5 faizdir və bu, oktyabr seçkilərində aşağı palatada yer qazanmaq üçün kifayətdir.
Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı üç ildən artıqdır davam edən genişmiqyaslı işğal müharibəsinin başlamasından bəri Rusiyaya qarşı sayca 18-ci sanksiyalar paketini təsdiqləyib. Bu paketdə Rusiyanın neft ixracına dair əsas qiymət həddi də yer alır.
"Biz Rusiyanın müharibə maşınının ürəyinə zərbə vururuq. Bank, enerji və hərbi-sənaye sektorlarını hədəfə alırıq və bu dəfə dinamik neft qiymətinə hədd də tətbiq edirik. Təzyiq davam edir. Və Putinin müharibəni dayandıracağı ana qədər bu təzyiq davam edəcək", - Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.
Neftin qiymətinin yuxarı həddi ilə bağlı detallar dərhal açıqlanmayıb, lakin "Reuters" diplomatlara istinadən yazıb ki, sanksiyalar paketi G7-nin Rusiya xam nefti üçün qiymət həddini bir barel üçün 47.6 dollara endirəcək.
Sanksiyalar həmçinin "Şimal Axını" qaz kəmərləri ilə aparılan əməliyyatların qadağan edilməsini və Rusiyanın "kölgə donanması"na aid daha çox gəmilərin hədəf alınmasını da nəzərdə tutur.
Hazırda Rusiya ilə Almaniyanı birləşdirən Baltik dənizinin altından keçən iki "Şimal Axını" qaz kəməri vasitəsilə Rusiya qazı ötürülmür, lakin bu kəmərlərlə aparılan əməliyyatların qadağan olunması gələcəkdə belə təchizatın bərpa olunmasının qarşısını almağa yönəlib.
Ələsgər Məmmədlinin səhhətinə görə prezidentə müraciət edilib

Azərbaycanda bir qrup vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri və ziyalılar "ToplumTV iși" üzrə həbsdə olan media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin səhhətindəki problemə görə ölkə prezidentinə müraciət ediblər.
Müraciətdə bildirilir ki, 2024-cü il martın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Ə.Məmmədlinin səhhətində ağırlaşmalar müşahidə olunub: "Ultrasəs müayinəsi zamanı qalxanvari vəzinin boyun hissəsində 23 mm ölçüdə heterogen (müxtəlif), periferik, vaskulyarizasiyalı TİRADS III düyün (50-75 faiz xərçəng ehtimalı), qaraciyərin steatozhepatozu (qaraciyər piylənməsi), pankreasın (mədəaltı vəzi) fibroz parenximatoz exostruktur dəyişikliyi, hər iki böyrəkdə mikrolitlər (kristallar), kalsinatlar (kalsium yataqları) və prostat vəzində 7 mm ölçüdə kalsinat aşkar edilib".
Müəlliflər vurğulayıblar ki, tibbi protokola görə, qalxanvari vəzin ölçüsünün 15 mm-dən böyük olması cərrahi əməliyyatı zəruri edə bilər.
Müraciətdə habelə əlavə olunub ki, Ə.Məmmədlidə kəskin boğulma, fasiləsiz başağrısı, başgicəllənməsi və ürəkbulanma kimi simptomlar artmaqdadır və bu hal onun həyatı üçün real təhlükə yaradır: "Təcili cərrahi əməliyyat olunmazsa, səhhəti daha da ağırlaşa və geridönməz vəziyyət yarada bilər".
Müraciət müəllifləri həmçinin Milli Mətbuatın 150 illiyi ərəfəsində media hüquqları sahəsində tanınmış ekspert saydıqları Ə.Məmmədliyə humanist yanaşma göstərilməsinə ümid etdiklərini bildiriblər. Onlar prezidentdən Ə.Məmmədlinin özəl klinikaların birində cərrahi əməliyyat olunması üçün hüquqi imkanların nəzərdən keçirilməsini xahiş ediblər.
Media hüququ üzrə ekspert və "Toplum" İnternet Televiziyasının həmtəsisçisi Ə.Məmmədlini 2024-cü martın 8-də Bakıda klinikaların birindən çıxarkən mülkigeyimli şəxslər saxlayıb. Ona qarşı irəli sürülən ittihamlar arasında valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi ciddi ittihamlar yer alır. Özü bu ittihamları rədd edir və siyasi motivli olduğunu bildirir.
"ToplumTV işi" üzrə ümumilikdə 10-a yaxın şəxsə cinayət işi açılıb. Onların hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir.
Xatırlatma
Bütövlükdə isə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 370 siyasi məhbus var.
Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyəti üzündən siyasi səbəblərlə həbs olunmadığını vurğulayırlar və iddia edirlər ki, sözügedən siyahılarda adları çəkilənlər törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.
Putin 'dost olmayan' ölkələrdən proqram təminatına məhdudiyyətləri sərtləşdirməyi tapşırıb

Rusiya prezidenti Vladimir Putin hökumətə sentyabrın 1-ə qədər ölkədə 'dost olmayan' dövlətlərə məxsus proqram təminatlarının istifadəsinə əlavə məhdudiyyətlər qoyulması ilə bağlı təkliflər təqdim etməyi tapşırıb. Bu barədə iyulun 17-də Kremlin saytında dərc olunmuş təlimatlar siyahısında qeyd olunub.
Bu məhdudiyyətlər həmçinin xaricdə hazırlanmış kommunikasiya xidmətlərini də əhatə etməlidir.
Bu qərar mayın 26-da Putinin rusiyalı iş adamları ilə görüşünün ardınca gəlib. Həmin görüşdə Rusiya dövlət başçısı bildirib ki, "Zoom" və "Microsoft" kimi xarici xidmətləri "boğmaq" lazımdır, çünki onlar yerli informasiya texnologiyaları sektorunun inkişafına mane olur.
"Faridaily" bildirib ki, məhdudiyyətlərlə bağlı tədbirlər "WhatsApp" və ya "Telegram" messencerlərinə deyil, korporativ rabitə xidmətlərinə təsir edəcək.
Maydakı iclasdan sonra Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev Rusiya analoqları olan onlayn xidmətlərin mərhələli şəkildə məhdudlaşdırılmasının mümkünlüyündən danışıb. "Prezident dedi - biz boğacağıq", - nazir vurğulayıb.
Rusiyada internetdə 'ekstremist' materialların axtarışına görə cərimələr təsdiqlənib

Rusiya Dövlət Duması ölkənin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi qəbul edib, məcəlləyə iki yeni maddə daxil edilib. Bu düzəlişlər internetdə, o cümlədən VPN-servislərdən istifadə etməklə "ekstremist" materialların "qəsdən" axtarışına görə cərimələrin tətbiqini nəzərdə tutur. Fiziki şəxslər üçün cərimələr 3 min rubl (65 AZN) ilə 5 min rubl (109 AZN) arasında dəyişir.
Dəyişikliklər 2025-ci il sentyabrın 1-də qüvvəyə minəcək.
+++
Düzəlişlərlə bağlı "Forbes"a müsahibəsində hüquqşünas Stanislav Seleznyov deyib ki, bundan əvvəl Rusiya qanunvericiliyində hər hansı məzmunun istehlakına (baxılması və ya oxunmasına) görə məsuliyyət nəzərdə tutulmamışdı. Yalnız həmin məzmunun yayılmasına görə cəza tətbiq olunurdu.
Belə pozuntuları aşkar etmək üçün axtarış tarixçəsinə - ya "Google" hesabındakı, ya da müsadirə olunmuş cihazın brauzer tarixçəsinə baxıla bilər. Bundan əlavə, bu "pozuntu"ları aşkar etmək üçün mobil operatorlar da hüquq-mühafizə orqanlarına kömək edə bilər. "Şəbəkə Azadlıqları" xatırladır ki, Rusiya axtarış sistemləri və sosial şəbəkələri hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə, istifadəçilərin axtarış sorğularına dair statistika toplamağa və ötürməyə məcburdur. Bundan əlavə, yeni qanunlar küçədə polis tərəfindən vətəndaşların cihazlarının daha tez-tez yoxlanılması üçün əsas yarada bilər.
Kobaxidze: Avropaya vizalı və ya vizasız səfər 'var olmaq' məsələsi deyil

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa İttifaqı (Aİ) ilə vizasız rejimin dayandırılması ölkə üçün "ekzistensial məsələ" deyil. Onun sözlərinə görə, Gürcüstan üçün əsas prioritet sülhün və sabitliyin qorunmasıdır. O, bunu iyulun 17-də Gürcüstan hökumətindən səkkiz tövsiyənin icrasını tələb edən Avropa Komissiyasının məktubunu şərh edərkən deyib.
"Əgər sual bu şəkildə qoyulsa - sülh və sabitlik, yoxsa viza rejiminin liberallaşdırılması, - biz, şübhəsiz ki, sülh və sabitliyə üstünlük verəcəyik. Bu, gürcü xalqının seçimidir. Bizi məhz bu cür seçim qarşısında qoyurlar", - baş nazir bildirib.
"Bizə deyilir ki, xarici oyunçuların ölkədə inqilabi prosesləri maliyyələşdirmə imkanını məhdudlaşdıran qanunu qəbul etmək olmaz. Bu, sabitliyə təhdiddir. Əgər məsələ məhz belə qoyulursa, biz sabitliyi seçirik. Biz güzəştə getməyəcəyik", - Kobaxidze vurğulayıb.
O, həmçinin qeyd edib ki, Aİ-nin Gürcüstan hökuməti qarşısında qoyduğu tələblər hüquqi cəhətdən əsaslandırılmayıb, "boş siyasi ultimatumlardır".
Kobaxidze Aİ-nin davranışını Sovet İttifaqının təcrübəsi ilə müqayisə edib: "Sovet İttifaqında da Moskvadan direktivlər gəlirdi - əməl etməsəydiniz, cəzalandırılırdınız. Brüssel Moskvadan nə ilə fərqlənir? Brüssel sovet Moskvası kimi olmamalıdır".
Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə göndərilən məktubda Aİ-nin tövsiyələrinin yerinə yetirilməsi üçün konkret tarix göstərilməsə də, qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bunun avqustun sonu olduğunu bildirib.
Ukrayna və Rusiya yenə meyitləri dəyişiblər

Ukrayna və Rusiya arasında müharibədə həlak olanların meyitlərinin növbəti mübadiləsi baş tutub. Ukraynanın Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının yaydığı məlumata görə, mübadilə çərçivəsində Ukraynaya min meyit qaytarılıb.
Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski isə daha əvvəl bildirib ki, Rusiya, İstanbul razılaşmasına əsasən, 19 hərbçisinin cəsədini alıb.
İyunun 16-da Ukraynanın Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı bildirmişdi ki, İstanbulda keçirilən görüşdə əldə olunan razılaşmaya əsasən, Rusiya 6 min 57 meyiti Kiyevə təhvil verib.
Ukrayna prezidenti Volodimir Zelenski həmin vaxt demişdi ki, bu mübadilə zamanı Rusiyanın təhvil verdiyi meyitlər arasında ölkə vətəndaşlarına aid olmayan 20 meyit də olub.
Avropa Məhkəməsi işgəncə gördüyünü deyən Taleh Bağırovun hüquqlarının pozulduğunu tanıyıb

Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 16-da Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırovun və jurnalist Fikrət İbişbəylinin işgəncəyə məruz qalma şikayətləri ilə bağlı qərarını verib.
T.Bağırov 2015-ci il noyabrın 26-da (Nardaran hadisələri zamanı) Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılarkən işgəncəyə məruz qalmasına dair şikayət verib.
Məhkəmə hesab edib ki, şikayətə bağlı yerli qurumlar hərtərəfli araşdırma aparmalı idi, digər tərəfdən, ərizəçinin pis rəftara məruz qalması tibbi sənədlərlə təsdiq edilirdi. Beləliklə, AİHM Avropa Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq hüququ) maddəsinin maddə və prosessual aspektdən pozuntusunu tanıyıb.
2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmişdi. Əməliyyat zamanı ikisi polis olmaqla, altı nəfər həlak olmuşdu. Həmin gün Müsəlman Birliyi Hərəkatının sədri T.Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq və s.) ittihamlar verilib. T.Bağırov 20 il həbs cəzası alıb və ittihamları qəbul etməyib.
Məhkəmədə də polislərin onlar tərəfindən öldürülmədiklərini və onlarda silah olmadığını vurğulayıblar.
Jurnalistin şikayəti
AİHM həmçinin jurnalist Fikrət İbişbəylinin (Fərəməzoğlu) də 2016-cı ildə BMCMİ əməkdaşları saxlarkən işgəncəyə məruz qalmasına dair şikayətinin effektiv araşdırılmaması qənaətinə gəlib və bunu Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab edib.
T.Bağırova mənəvi zərərə görə 10 min avro, F.İbişbəyliyə isə 5 min avro kompensasiya ödənilməli olması müəyyən edilib.
Jurnalist Araşdırma Mərkəzinin və jam.az saytının rəhbəri F.İbişbəyli 2016-cı il iyunun 30-da saxlanıb.
2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə təqsirli bilinərək 7 il azadlıqdan məhrum olunub. O, müxtəlif restoran, iaşə obyektləri sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanırdı. Amma jurnalist ittihamı qəbul etmir, deyirdi ki, sifarişlə həbs olunub. O, 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Qərarlara Azərbaycan Məhkəmə Hüquq Şurası, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma DİN, bir qayda olaraq, saxlanan şəxslərə polisdə işgəncə verilməsi ilə bağlı şikayətləri buna qədər əsassız sayıb.
İsrail Suriya ordusunun Baş Qərargahına və prezident sarayına zərbələr endirib [Video]

İsrail ordusu Suriya hökumət qüvvələrinin qərargahına və Dəməşqdəki prezident sarayının binasına zərbələr endirib. İsrail ordusunun açıqlamasına görə, zərbələr Suriyanın cənub-qərbindəki Əs-Süveyda şəhərində druzları qorumaq üçün həyata keçirilib. İsrail Suriya islamçı qrupları ilə münaqişədə druzları dəstəkləyir.
Bir gün əvvəl, əsasən, druzların məskunlaşdığı şəhərdə bədəvi qəbilələri ilə yerli yaraqlılar arasında baş verən toqquşmalarda onlarla insan həlak olub. Toqquşmalarda şəhərə daxil olan Suriya ordusu da iştirak edib. Əs-Süveydada komendant saatı tətbiq edilib. Druz azlığının liderlərindən biri Şeyx Hikmət əl-Hicri Suriya hökumətini atəşkəsi pozmaqda və şəhəri bombalamaqda ittiham edib. Suriya ordusu yalnız cavab atəşi olduğunu deyir.
Suriya İnsan Haqları Rəsədxanasının (SOHR) məlumatına görə, qarşıdurmalarda azı 200 nəfər həlak olub.
İsrail ordusu bundan əvvəl, çərşənbə axşamı əs-Süveyda bölgəsindəki Suriya qüvvələrinə zərbələr endirib. Hərbçilərin bəyanatında deyilir ki, Təl-Əviv "İsraildəki druz həmvətənlərimizlə dərin qardaşlıq ittifaqı" səbəbindən "Suriyadakı druzlara zərər yetirilməsinin qarşısını almağa sadiqdir".
İsrailin ilhaq etdiyi Colan təpələri ilə Suriya sərhədində də toqquşmalar baş verib. Bildirilir, onlarla druz Əs-Süveydadan İsrailin nəzarətindəki ərazilərə girməyə çalışır, Colan təpələrində yaşayan yüzlərlə druz isə toqquşmaların baş verdiyi Suriyanın nəzarətindəki ərazilərə keçməyə çalışır. "Times of Israel" qəzetinin yazdığına görə, İsrail ordusu ilhaq olunmuş bölgədə yaşayan druzların Suriyaya girməmələri üçün gözyaşardıcı qazdan istifadə edib.
2010-cu ildə Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl druz icması təxminən 700 min nəfərdən ibarət idi ki, bu da əhalinin təxminən 3 faizi edirdi. Onların, demək olar, yarısı Əs-Süveyda əyalətində yaşayırdı. Orada əhəmiyyətli bir xristian azlığı ilə birlikdə druzlar əhalinin təxminən 90 faizini təşkil edirdi. Druz icması İsrail tərəfindən dəstəklənir. 2024-cü ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra druzlar Təl-Əvivdən onların altı kəndini İsrailə birləşdirməyi xahiş ediblər.
'Epi' ləqəbli reper Əkbər Novruzlu 30 sutka həbs edilib

"Epi" ləqəbli reper Əkbər Novruzlunun iyulun 16-da saxlandığı bildirilir.
Yerli saytların məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 510-cu (Xırda xuliqanlıq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs edilib.
Həbs qərarının Səbail rayon Məhkəməsində verildiyi bildirilir. Amma məsələni məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.
Sosial şəbəkələrdə isə Ə.Novruzlunun bir neçə gün əvvəl "Paster" ləqəbli repçi ilə rep deyişməsində hakimiyyətə yaxın şəxslərə məxsus olduğu bildirilən bankların adlarını çəkdiyi və bu üzdən onunla bağlı polisə şikayət olunduğu iddia edilir. Lakin bu iddiaya repçinin yaxınlarından hər hansı münasibət almaq mümkün olmayıb.
Xatırlatma
"Paster" ləqəbli repçi Pərviz Quluzadə 2019-cu il dekabrın 27-də 30 sutka inzibati həbsə məhkum edilmişdi. Daxili İşlər Nazirliyi (DİN) onun narkotikin təsiri altında ictimai asayişi pozduğunu və polisin qanuni tələbinə tabe olmadığını bildirmişdi. Binəqədi rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmama maddələri ilə cəzalandırmışdı. Lakin onda da sosial şəbəkələrdə onun məhz kliplərinin birində oxşar ifadələr işlətdiyinə görə cəzalandırıldığı vurğulanırdı. Lakin həmin məsələdə adı hallanan bank bu işə aidiyyətlərinin olmadığını açıqlamışdı.
Əkrəm İmamoğluya 1 il 8 ay həbs cəzası verilib

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya iddiaları ilə başlanan istintaq çərçivəsində həbs edilən bu qurumun başqanı Əkrəm İmamoğlu bu gün, iyulun 16-da hakim qarşısına çıxarılıb.
İmamoğlu barəsində tutulmazdan öncə İstanbulun baş prokuroru Akın Gürlekə yönələn sözlərlə bağlı da cinayət işi açılmışdı.
Məhkəmə həmin iş çərçivəsində İmamoğluya terrorla mübarizədə iştirak edən şəxsləri hədəf göstərmək ittihamından bəraət verib. Lakin dövlət qulluqçusunu vəzifəsinə görə alçaltmaq ittihamı üzrə ona 1 il 5 ay 15 gün, təhdid ittihamı üzrə isə 2 ay 15 gün azadlıqdan məhrumetmə cəzası verib.
İmamoğluya ümumilikdə 1 il 8 ay həbs cəzası kəsilib. Amma ona siyasi qadağa tətbiq olunmadığı bildirilir.
Xatırlatma
Türkiyə hakimiyyəti prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılan İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanı Ə.İmamoğlunu bu ilin martında saxlayıb.
İmamoğlu rüşvət alma, terrorçu qrupa yardım və sair ittihamlarla saxlanılıb. İmamoğlunun həbsi ölkədə siyasi gərginliyi artırıb, etirazlara səbəb olub. Ana müxalifət partiyası (Prezident və parlament seçkilərində ikinci, bələdiyyə seçkilərində birinci) olan Cümhuriyyət Xalq Partiyası (CHP) onun saxlanılmasını siyasi motivli adlandırıb, əhalini qanuni nümayişlərə çağırıb.
Bir çox tənqidçilər də İmamoğlunun saxlanmasını siyasi motivli hesab edir.
Türkiyə hökuməti isə ittihamları rədd edir, məhkəmələrin müstəqil orqanlar olduğunu bildirir.