Keçid linkləri

2025, 22 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:26

ABŞ-nin 'Zəngəzur dəhlizi'ndə olma ehtimalı İranda narahatlıq yaradır


"Zəngəzur dəhlizi" artıq sadəcə bir tranzit marşrutu olmaqdan çıxıb.
"Zəngəzur dəhlizi" artıq sadəcə bir tranzit marşrutu olmaqdan çıxıb.

ABŞ-nin Azərbaycanla onun Naxçıvan eksklavı arasında Ermənistanın cənubundan keçən vacib "Zəngəzur dəhlizi"nin Amerika idarəçiliyinə verilməsi təklifi Cənubi Qafqazda mövcud olan fikir ayrılıqlarını daha da dərinləşdirib və İranda narahatlıq yaradıb.

Burada söhbət təkcə regional əlaqələrin qurulmasından deyil, həm də İranın həssas şimal sərhədi boyunca geosiyasi nizamdan gedir.

İran üçün Ermənistanın Sünik vilayətindən keçən 43 kilometrlik dəhliz onun strateji hesablamalarının mərkəzində dayanır.

Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun tədqiqatçısı Həmidreza Əzizi deyib ki, bu plan İranı "Ermənistan üzərindən Cənubi Qafqaza olan təbii quru əlaqəsindən məhrum edəcək" və onu "Azərbaycanın və ya digər beynəlxalq aktorların nəzarətində olan bir marşrutdan asılı vəziyyətə salacaq".

Əzizi AzadlıqRadiosuna verdiyi açıqlamada bu dəhlizi "tabuta vurulan son mismar" adlandırıb. Bəzi ekspertlər bunu İranın "geosiyasi boğulması" adlandırdıqları prosesə doğru atılan bir addım kimi dəyərləndirir.

Əgər Bakı nəzarəti ələ keçirsə və ya xarici idarəetmə tətbiq olunsa, İran şimala doğru ticarəti üzərində təsir imkanlarını itirəcək.

Tədqiqatçı qeyd edib ki, "İran təkcə Cənubi Qafqazla deyil, həm də Rusiya və Avropa ilə ticarət üçün demək, olar ki, tamamilə Azərbaycanın ümidinə qalacaq". O, bu vəziyyətin "İranın geoiqtisadi mövqeyinə ciddi zərbə" ola biləcəyi barədə xəbərdarlıq edib.

Əzizi əlavə edib ki, İranın Ermənistan üzərindən keçən marşrutdan kənarda qalması, eyni zamanda, ölkənin Çinin "Bir kəmər, bir yol" təşəbbüsündəki rolunu azalda bilər və bu da Tehranın Pekin üçün tərəfdaş kimi dəyərini zəiflədə bilər.

'Zəngəzurun 100 illik icarəsi...' - Bakı və Yerevan dəhlizin icarəsini Vaşinqtona verəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Təhlükəsizlik və regional nizam

Tehranın əsas narahatlığı aydındır: dəhliz həm Türkiyənin təsirini genişləndirə, həm də indi ABŞ-nin birbaşa iştirakını təmin edə bilər.

"İranda ən böyük narahatlıq ondan ibarətdir ki, belə bir dəhliz İranın "Şərq-Qərb" nəqliyyat marşrutlarında iştirak perspektivlərini birdəfəlik ortadan qaldıra bilər", - H.Əzizi vurğulayıb. Onun sözlərinə görə, ABŞ-nin idarə edə biləcəyi marşrut bu narahatlıqları daha da gücləndirir, çünki Amerika maraqlarını birbaşa İranın şimal sərhədinə gətirir.

Bu dəyişiklik Rusiya-Ukrayna müharibəsi və İkinci Qarabağ müharibəsindən sonra bölgədə güc balansının dəyişməsi fonunda Rusiyanın Cənubi Qafqazdakı təsirinin zəiflədiyi bir vaxtda baş verir. Vaxtilə Moskvaya arxalanmaqla kifayətlənən İran indi öz təhlükəsizlik bufer zonasının təhlükə altında olduğunu görür.

Məhdud strateji seçimlərlə Tehran bütün əsas oyunçularla əlaqə qurur və Ermənistanla daha yaxın siyasi və təhlükəsizlik əməkdaşlığı axtarışındadır.

Əzizinin sözlərinə görə, İranın rəsmi bəyanatları və 2021-ci ildən bəri həmin ərazidə keçirdiyi hərbi təlimlər qarşıdurmadan daha çox, sərhədlərində məhdudiyyətsiz xarici qüvvənin iştirakının qəbul edilməyəcəyinə işarədir.

Nəzarət, tranzit və suverenlik

ABŞ-nin təklifi həm Yerevanda, həm də Bakıda ehtiyatla qarşılanıb.

Azərbaycan bu dəhlizə Naxçıvanla mühüm nəqliyyat əlaqəsi və müharibədən sonrakı inteqrasiyanın bir hissəsi kimi baxır.

Ermənistan isə bunun ölkənin suverenliyinə təhlükə yarada biləcəyindən ehtiyatlanır və istənilən marşrutun Ermənistanın nəzarəti altında qalmasını israr edir. Yerevan əsl "dəhliz" statusunun hakimiyyətin təslim olması anlamına gələ biləcəyindən narahat olur.

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosyanın sözlərinə görə, Azərbaycan heç bir üçüncü tərəfin iştirakını arzulamadığını qətiyyətlə bəyan edir.

Bakı üçün dəhliz Naxçıvana maneəsiz çıxış deməkdir və istənilən xarici nəzarət - Amerika, Avropa və ya Rusiya - qəbuledilməzdir.

'Rusiya razı qalmayacaq' - Paşinyan Azərbaycanın 'Zəngəzur dəhlizi' təklifinə razılaşır?
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Həqiqi təklif, yoxsa sadəcə nümayiş?

Vaşinqton üçün bu layihə Moskvanın Bakı və Yerevanla münasibətlərinin kəskinləşməsi fonunda Rusiyanın təsirinin zəiflədiyi bir vaxtda regionda nadir güc boşluğundan faydalanmaq cəhdini vurğulayır.

Qiraqosyan plana şübhə ilə yanaşdığını bildirib: "Mən bu təklifi çox da ciddi qəbul etmirəm... skeptisizm həm Bakıda, həm də Yerevanda yanaşmanı daha yaxşı müəyyən edir".

O, bunu "ehtiyatsız daşınmaz əmlak sövdələşməsi" adlandırıb və Vaşinqtonun regionun mürəkkəbliyini dərk edib-etmədiyini sual edib: "Söhbət daha çox prezident Donald Tramp üçün Nobel Sülh Mükafatını qazanmaqdan gedir... Əsl hazırlıq olmadan onun reallaşma potensialı çox azdır".

Rusiyanın Ermənistanın dəmiryol şəbəkələrini idarə etməsi və Qərbin sanksiyaları da layihənin reallaşmasında texniki-iqtisadi problemlər yaradır.

"Bu, işi çətinləşdirərdi, çünki Rusiyanın idarə etdiyi və ya Rusiyaya məxsus olan yol və dəmiryolu ABŞ-nin özəl şirkətinin idarə etməsi mürəkkəb vəziyyət yaradar", - Qiraqosyan deyib.

Tehran üçün isə dəhliz müzakirəsi mühasirə, təcrid və təsir imkanlarının itirilməsi ilə bağlı daha dərin narahatlıqları əks etdirir.

İranın hər hansı layihəyə qarşı çıxmaq üçün imkanları məhduddur, bunu Yaxın Şərqdəki son uğursuzluqlar və ötən ay İsraillə baş vermiş münaqişə məhdudlaşdırır.

Tehran Qərbin bölgədə mövcudluğuna qarşı Rusiyanın yenidən müqavimət göstərəcəyini ümid edir, lakin dəyişən güc balansı İranın təsir imkanlarını getdikcə azaldır.

Bu arada, həm Ermənistan, həm də Azərbaycan nəzarəti və ya suverenliyi təslim etməkdən ehtiyat edir, dəhlizin necə olması barədə öz baxışlarını müdafiə edirlər.

Nəticədə "Zəngəzur dəhlizi" artıq sadəcə bir tranzit marşrutu olmaqdan çıxaraq suverenlik, nüfuz və regional nizamla bağlı rəqabət aparan baxışların toqquşduğu nöqtəyə çevrilib.

Yazını AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi hazırlayıb.

XS
SM
MD
LG