Kremlin sözçüsü Dmitri Peskov Azərbaycanın Qazaxıstanda qəzaya uğrayan təyyarəsi ilə bağlı Rusiyanı məhkəməyə vermək niyyətinə münasibət bildirib.
"Hazırda istintaq hərəkətləri aparılır, təhqiqat gedir. Əgər Azərbaycan belə bir qərar verərsə, - bu, Azərbaycanın haqqıdır, - rəsmi hökmü gözləyəcəyik", - Peskov bildirib.
O vurğulayıb ki, Moskva ilə Bakının münasibətləri möhkəm təmələ malikdir, lakin hazırda çətin dövrünü yaşayır: "İki ölkənin maraqlarının üst-üstə düşməsi var, hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var. Amma bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər başlayır. İndi də belə dövrlərdən biridir. Ümid edirik ki, bu dövr keçəcək".
Peskovun sözlərinə görə, Kreml Azərbaycanda ruslara hörmət edilməsini vacib sayır. "Rusiyada çox böyük Azərbaycan diasporu yaşayır. Azərbaycan diasporunun, demək olar ki, bütün nümayəndələri qanuna tabe olan vətəndaşlarımızdır və burada layiqli hörmətə malikdirlər. Qanunu pozan vətəndaşlar qanunla məsuliyyətə cəlb olunurlar", - o əlavə edib.
Rusiya Federasiyası ilə Azərbaycan arasında son dövrlər münasibətlərin kəskinləşməsi iyunun 27-də başlayıb. Həmin gün Yekaterinburqda əməliyyatçılar 2001-2011-ci illər arasında törədilmiş qətllərdə şübhəli saydıqları 50-dən çox Azərbaycan əsilli insanı saxlayıblar. Saxlanılanlardan ikisi ölüb. Bundan sonra tərəflər qarşılıqlı olaraq etiraz notaları veriblər, diplomatlar xarici işlər nazirliklərinə çağrılıb.
20 iyul
Azərbaycan təyyarə qəzası ilə bağlı Rusiyanı məhkəməyə verir
Azərbaycan 2024-cü ilin dekabrında Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmələrə müraciət üçün sənədlər hazırlayır. Bunu Xankəndidə Şuşa Media Forumunda çıxışı zamanı ölkə prezidenti İlham Əliyev deyib.
Əliyevin sözlərinə görə, yeddi ay ərzində Azərbaycan Rusiya rəsmilərindən heç bir cavab almayıb. O bildirib ki, Azərbaycanın baş prokuroru mütəmadi olaraq Rusiya İstintaq Komitəsinə sorğular göndərir, "cavab bu olur ki, təhqiqat davam edir". Əliyev bu mövqeyi "qeyri-məhsuldar" adlandırıb: "Bizim üçün hər şey aydındır, nə baş verdiyini bilirik. Biz bunu sübut edə bilərik və bilirik ki, Rusiya rəsmiləri də məsələdən xəbərdardırlar. Sual olunur: niyə görə onlar analoji halda hər bir qonşunun etməli olduğu hərəkəti etmədi?".
Əliyev vurğulayıb ki, Azərbaycan günahın etiraf olunmasını, təyyarəni vuranların cəzalandırılmasını, qəzada həlak olmuş və yaralanmış şəxslərin ailələrinə, eləcə də AZAL-ın təyyarəsinə görə təzminat ödənilməsini tələb edir.
O xatırladıb ki, "Malayziya Hava Yolları"na məxsus "Boeing 777" təyyarəsinin Ukrayna üzərində vurulması ilə bağlı təhqiqat 10 ildən artıq davam edib. Onun sözlərinə görə, Azərbaycan da lazım olduğu qədər gözləməyə hazırdır.
Prezidentin bu açıqlamasına, hələlik, Rusiya tərəfinin münasibəti bəlli deyil.
Xatırlatma
AZAL təyyarəsi ötən il dekabrın 25-də Bakı-Qroznı aviareysini yerinə yetirərkən qəzaya düşüb, 38 nəfər həlak olub. Azərbaycan rəsmiləri qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər, amma bunun məqsədli törədilmədiyini açıqlayıblar.
Rusiya prezidenti Vladimir Putinin Əliyev ilə telefon danışığında qəzaya görə üzrxahlıq etsə də, baş verənlərə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etmədiyi açıqlanıb.
Qazaxıstan Nəqliyyat Nazirliyi hələ fevralın əvvəlində bu qəza ilə bağlı təhqiqata dair ilkin hesabatını açıqlayıb. Hesabatda qeyd edilib ki, AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb. Eyni zamanda, təyyarənin uçuşdan əvvəl texniki vəziyyəti yaxşı olub.