Keçid linkləri

2025, 24 İyul, Cümə axşamı, Bakı vaxtı 09:09

Ali Məhkəmə Əli Kərimli haqqında ittiham hökmünü qüvvədə saxladı


Əli Kərimli
Əli Kərimli

İyulun 23-də Ali Məhkəmədə haqqındakı ittiham hökmünün ləğvindən ötrü Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin şikayətinə baxılıb. Nazim Mövsümovun sədrlik etdiyi hakimlər kollegiyası qərarı dəyişməyib.

Məhkəməyə partiya sədrinin özü qatılmayıb. Onun vəkili Fəxrəddin Mehdiyev Ə.Kərimli haqqında Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsiylə çıxarılmış hökmün və apellyasiya məhkəməsinin onu qüvvədə saxlayan qərarının əsassız olduğunu söyləyib: "Əslində, bu iş heç icraata götürülüb baxılmamalıydı, çünki bunun üçün hüquqi əsas yox idi".

Müdafiəçi vurğulayıb ki, AXCP sədri haqqında çıxarılmış ittiham hökmü Azərbaycanın da qoşulduğu İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 10-cu (ifadə azadlığı) və 18-ci (Konvensiyadankənar məqsədlərlə hüquq və azadlıqların pozulmaması) maddələrinin pozulmasıdır.

Ə.Kərimli haqqında ittiham hökmü illər öncə AXCP-dən çıxarılmış Aydın Əliyevin şikayəti əsasında verilib. A.Əliyev iddia edir ki, partiya sədri müxtəlif media orqanlarındakı çıxışlarında onun haqqında böhtan xarakterli fikirlər səsləndirib.

Şikayətçi və onun vəkili Elvin Əliyev Ali Məhkəmədəki çıxışlarında aşağı instansiyanın qərarının qüvvədə saxlanmasını istəyiblər.

Qısa müşavirədən sonra hakimlər kollegiyası qərarın qüvvədə saxlandığını elan edib.

AXCP-dən AzadlıqRadiosuna bildirilib ki, növbəti hüquqi addım Avropa Məhkəməsinə şikayət yollamaq olacaq: "Yerli məhkəmə instansiyaları bitdi, növbəti mərhələ Avropa Məhkəməsidir. Aydın məsələdir ki, bu, hüquqi yox, siyasi proses idi. Səbəb də AXCP-nin, Əli Kərimlinin siyasi fəaliyyətidir".

Xatırlatma

AXCP sədri Ə.Kərimli haqqında ötən il dekabrın 2-də Nəsimi rayon Məhkəməsində ittiham hökmü çıxarılıb. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 147.1-ci maddəsiylə min 500 manat cərimələnib. Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ə.Kərimli barəsində daha öncə 1994-cü ilin sentyabrında da cinayət işi başlanmışdı. O zaman hüquq-mühafizə qurumları Ə.Kərimlinin cibindən partladıcı maddə tapıldığını bildirmişdilər.

Ə.Kərimli pasportunun etibarlılıq müddəti bitdiyindən 2006-cı ildə yenidən sənəd almaq üçün müraciət etsə də, verilməyib. Onun sözlərinə görə, 1994-cü ildə başlanmış cinayət işinin hələ də açıq olması əsas göstərilib.

Avropa Məhkəməsi 2015-ci ilin iyulunda Ə.Kərimliyə pasport verilməməsi ilə bağlı şikayət üzrə qərarını açıqlayıb. Məhkəmə pasport verilməməsini onun hərəkət etmək azadlığının pozulması kimi qiymətləndirib. Dövlətin üzərinə Ə.Kərimliyə 8 min 600 avro kompensasiya ödəmək öhdəliyi qoyulub. Amma AXCP sədrinə hələ də pasport verilməyib və o, 2006-cı ildən bəri ölkədən çıxa bilmir.

XS
SM
MD
LG