Keçid linkləri

2025, 24 İyul, Cümə axşamı, Bakı vaxtı 08:56

İran Suriyada mövqeyini saxlamaq üçün məzhəb toqquşmalarını qızışdıra bilərmi?


Süveyda vilayətində bədəvi döyüşçülər
Süveyda vilayətində bədəvi döyüşçülər

Suriyanın cənubundakı Süveyda vilayətində druz döyüşçüləri ilə bədəvi qəbilə yaraqlıları arasında toqquşmalar bir sualı meydana çıxarır: İran bu məzhəb toqquşmalarından onillik vətəndaş müharibəsi vaxtı qurduğu təsiri bərpa etmək üçün yararlana bilərmi?

İllər boyunca iranlı komandirlər və onların əlaltıları Bəşər Əsəd hökumətini dəstəkləyib, Suriyanı İraqdakı və Livandakı müttəfiq qrupları birləşdirən quru dəhlizinə çevirib. Lakin ötən ilin dekabrında Əsəd sülaləsinin qəfil süqutu və Rusiya qüvvələrinin qismən geri çəkilməsindən sonra Tehranın dominantlığı zəifləyib.

Keçmiş üsyançı lider və hazırkı keçid dövrü prezidenti Əhməd əl‑Şaraa rəqib fraksiyaları nəzarətə almaqda çətinlik çəkir. AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi bunun Suriyanın cənubunda İrana həm imkanlar, həm də risklər yaratdığını qeyd edir.

Sonuncu zorakılıq bir druz tacirinin qaçırılması və buna cavab olaraq adam oğurluqları ilə başladı, sürətlə genişmiqyaslı qanlı toqquşmalara çevrildi.

Hər iki tərəf hücumlar, qisas qətlləri törədib.

Suriya hökumət qüvvələri müdaxilə edəndə onların bədəvilərin tərəfini saxladığı iddia olundu. Bu isə druz döyüşçüləri ilə birbaşa toqquşmalara, druz icmalarının yaşadığı ərazilərdə məhkəməsiz edamlar, talan və yandırma iddialarına yol açdı.

Druz Suriyanın cənubunda çoxdan məskunlaşmış, özünüidarə ənənəsinə sahib, dövlətlə münasibətləri birmənalı olmayan dini azlıqdır.

İyulun 19-da hökumət, druz silahlıları və bədəvi tayfaları arasında atəşkəs bir həftə çəkən, azı min nəfərin həlak olduğu döyüşləri dayandırdı. Hazırda qüvvədə olan atəşkəs zəifdir.

İsrailin hərbi maşınları Suriyaya daxil olub
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Səlahiyyət boşluqları, köhnə oyunlar

Açıq şəkildə hərbi qüvvə yerləşdirməmək, yerli silahlılara, proksi komandirlərə bel bağlamaq - bu, İranın çoxdankı strategiyasıdır.

Martda Suriyanın qərbində zorakılıq alovlananda bəziləri Tehranı gərginliyi qızışdırmaqda suçladı. Onlar silahlıların bəzi komandirlərinin İran İslam İnqilab Keşikçiləri Korpusunda (SEPAH) təlim keçdiyini qeyd edirdilər.

İran rəsmiləri isə özlərini Suriyanın suverenliyini dəstəkləyən kimi göstərir, İsrailin hava zərbələrini "təcavüz" adlandırır, Qərbin müdaxiləsi sarıdan xəbərdarlıq edirlər. Burada məqsəd yalnız hərbi deyil, həm də müharibədən yorulmuş və xarici hökmranlıqdan ehtiyatlanan suriyalılar arasında siyasi nüfuzu bərpa etməkdir.

K.Şərifi Tehranın qarşısında böyük çətinliklər olduğunu yazır. Süveyda əyalətində əksəriyyəti təşkil edən druzlar İran və onun şiə əlaltı qüvvələrinə dərin şübhə ilə yanaşırlar. Yerli sünni tayfaların başı isə öz daxili mübarizələrinə qarışıb, xarici dəstəyə maraq göstərmirlər.

Çağırışlar və risklər

Bu çətinliklərdən savayı, İsrail əl çəkənə oxşamır. Əsəd hökumətinin süqutundan bəri İsrail qüvvələri tutduqları Colan Təpələri yaxınlığında İranla əlaqəli olduğu bildirilən şübhəli hədəflərə zərbələri gücləndirib, hər hansı möhkəmlənməyə imkan verməyəcəyini deyib. İsrail rəsmiləri bəzi hücumları druzları qorumaq adı altında apardıqlarını da bildiriblər.

Məsələləri daha da mürəkkəbləşdirən isə Suriyanın parçalanmış mənzərəsidir; müxtəlif qüvvələrə sadiqliyin tez-tez dəyişməsi, səhra komandirlərinin yüksəlişi İranın hər hansı uğurunun ömrünü qısaldır. İranın digər müttəfiqləri, özəlliklə Livandakı "Hizbullah" İsraillə son döyüşlərdə ağır itkilər verərək zəifləyiblər.

Suriya sərhədlərindən kənarda isə İranın silahlı proksi şəbəkəsi fəaliyyətini artırıb.

Yəməndəki husilər Qırmızı dənizdə ayların sükutunu pozaraq iki ticarət gəmisinə hücum ediblər. İraqda İrana bağlı silahlılar Kürdüstan bölgəsində neft hasilatını pozmaqda şübhəli sayılırlar. Son aylarda isə Suriya qüvvələri və Livan ordusu ABŞ və digər Qərb ölkələrinin terror təşkilatı kimi tanıdığı "Hizbullah" üçün göndərilən bir neçə raket transferini ələ keçiriblər.

Bütün bunlar Tehranın proksi şəbəkəsini qoruyaraq onu təhdid strategiyasının əsas elementi kimi saxlamaq əzmini göstərir. Hətta böyük və müntəzəm silah tədarükü alınmasa belə, İran öz təsirinin hələ də qaldığını, bəzilərinin düşündüyü kimi zəifləmədiyini göstərmək istəyir.

Müəllif qeyd edir ki, indilik Tehranın Suriyadakı yanaşması, ehtimal ki, məhdud resurslar və artan nəzarət şəraitində mərhələli, dolayı olacaq.

Dramatik addımlar əvəzinə İran gizli silah transferlərinə və yerli ittifaqları yenidən qurmağa üstünlük verəcək.

Lakin İsrailin müşahidəsi altında İranın Suriyada mövqeyini yenidən möhkəmləndirməsi çətin və qeyri-müəyyən olacaq, - K.Şərifi yazır.

XS
SM
MD
LG