Keçid linkləri

2025, 24 İyul, Cümə axşamı, Bakı vaxtı 08:56

Yeni sorğuya görə, Paşinyanın reytinqi azalıb


Nikol Paşinyan
Nikol Paşinyan

Amerika Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) iyunun 16-dan 25-dək keçirdiyi sorğunun nəticələrinə görə, Ermənistan əhalisinin, demək olar, yarısı - 49 faizi əmindir ki, ölkə yanlış istiqamətdə gedir. Ermənilərin yalnız 36 faizi ölkənin inkişafının düzgün istiqamətdə getdiyinə inanır.

Yaşlı insanlar Ermənistandakı vəziyyətə daha nikbin yanaşır. Yaşı 56-dan yuxarı olan respondentlərin 43 faizi Ermənistanın düzgün istiqamətdə getdiyinə əmindir və pensiyaçılar arasında bu göstərici daha yüksəkdir - 47 faiz. Bunun əksinə olaraq, 18-35 yaş arası ermənilərin 54 faizi, ortayaşlı vətəndaşların isə 52 faizi ölkənin inkişafının düzgün istiqamətdə getmədiyinə inanır. Siyasətçilərə gəlincə, baş nazir Nikol Paşinyan ən yüksək reytinqə malikdir - 13 faiz. Əvvəlki sorğu ilə müqayisədə Paşinyanın reytinqi üç faiz azalıb. 2024-cü ildə ermənilərin 16 faizi ona güvənib.

Sorğunun nəticələrinə görə, "Vətəndaş müqaviləsi" iqtidar partiyasının reytinqi də aşağı düşüb. IRI-nin sorğusuna əsasən, əgər seçkilər gələn bazar günü keçirilsəydi, erməni seçicilərinin cəmi 17 faizi bu partiyaya səs verərdi.

"Ermənistan" bloku 4 faizlə ikinci yerdədir. Respondentlərin daha 2 faizi hər hansı siyasi qüvvə əvəzinə Robert Koçaryanın adını çəkib.

Ermənilərin böyük əksəriyyəti isə heç bir siyasi fiqura və ya partiyaya etibar etmir. Respondentlərin 61 faizi heç bir siyasi xadimə güvənmədiyini deyib.

Ölkədə fəaliyyət göstərən qurumlara etimada gəlincə, ordu və kilsə ön sıralardadır. Əhalinin 72 faizi silahlı qüvvələrə tam və ya qismən, 58 faizi isə Erməni Apostol Kilsəsinə etibar edir. Yeri gəlmişkən, əvvəlki sorğu ilə müqayisədə kilsənin reytinqi 10 faiz artıb.

Sülh sazişinin imzalanması və Aİ-yə üzvlük perspektivləri

Bəs Ermənistan vətəndaşları Azərbaycanla sülh sazişinin imzalanması perspektivlərinə necə baxır? Sorğunun nəticələri göstərir ki, bu məsələ ilə bağlı ermənilərin fikirləri müxtəlifdir.

Respondentlərin 47 faizi Azərbaycanla tam və ya qismən sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır, 40 faizi isə bunu dəstəkləmir. Sülh sazişi ilə bağlı ən pessimist olanlar 18-35 yaş arasındakı vətəndaşlardır.

Sorğu həmçinin Ermənistanın Aİ-yə üzvlük perspektivlərinə də toxunaraq bu məsələ ilə bağlı referendumun təyin olunacağı təqdirdə sadə vətəndaşların necə səs verəcəyini öyrənib. Sorğunun nəticələrinə görə, ermənilərin 49 faizi Aİ üzvlüyünə, 15 faizi isə əleyhinə səs verərdi. Digər 31 faiz isə səsvermədə, ümumiyyətlə, iştirak etməyəcəyini bildirib.

Ermənistanın vacib müttəfiqləri

Ermənilərin böyük əksəriyyəti - 89 faizi Fransa, 90 faizi Hindistan, 85 faizi İranla münasibətləri müsbət qiymətləndirir. Ermənilərin 55 faizinin fikrincə, Rusiya ilə münasibətlər pisdir. Respondentlərin yalnız 43 faizi hesab edir ki, Yerevanla Moskva arasında münasibətləri "müsbət" adlandırmaq olar. IRI-nin sorğusuna görə, Ermənistanla münasibətləri ən pis olan üç ölkə Türkiyə, İsrail və Azərbaycandır.

XS
SM
MD
LG