Keçid linkləri

2025, 22 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:57

Həmkarları yenə Ülvi Həsənlini müdafiə edirlər


Ülvi Həsənli
Ülvi Həsənli

"AbzasMedia" nəşrinin həbsdəki direktoru Ülvi Həsənli iyulun 20-dən yenidən aclıq aksiyasını başlatdığını elan etdikdən sonra onun həmkarları da yenə ona qoşulacaqlarını bildiriblər.

Bu barədə "AbzasMedia"nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızı ailəsinə məlumat verib. Jurnalist bildirib ki, iyulun 22-dən etibarən o, Nərgiz Absalamova və Elnarə Qasımova müddətsiz aclıq aksiyasına başlayacaqlar.

Onlar Ü.Həsənlinin Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər.

21 iyul

Ülvi Həsənli yenidən aclıq aksiyasına başladığını elan edib

"Abzas Media" nəşrinin həbsdə olan direktoru Ülvi Həsənli iyulun 20-dən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bununla bağlı ictimaiyyətə müraciətində bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarlarını yerinə yetirməməsi ilə əlaqələndirib.

Həsənli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti iyulun 3-də təmin edib və bu qərar Penitensiar Xidmətə təqdim olunub. Lakin onun qeyd etməsinə görə, 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, qərar hələ də icra olunmayıb.

"Görünür, Penitensiar Xidmət məhkəmə qərarlarını saymır və özünü məhkəmədən üstün tutur", –Həsənli vurğulayıb.

Ü.Həsənli daha əvvəl də eyni məsələ üzündən doqquz günlük aclıq aksiyası keçirdiyini, lakin qadın həmkarlarının da ona dəstək olaraq aclığa başlaması və onların sağlamlığı ilə bağlı narahatlıq səbəbi ilə aksiyanı dayandırdığını bildirib. Həmçinin qeyd edib ki, Penitensiar Kompleksin rəhbərliyi ona 12 iyula qədər köçürüləcəyi vədini versə də, bu vəd yerinə yetirilməyib.

Həsənlinin sözlərinə görə, hazırda saxlanıldığı Umbakı qəsəbəsindəki Penitensiar Kompleks Bakı İstintaq Təcridxanasından daha uzaqda yerləşir və bu, onun ailəsi, vəkilləri, xüsusilə də 3 yaşlı övladı ilə görüşünə ciddi maneə yaradır: "Burada övladımla görüşmək üçün heç bir şərait yoxdur. Ona görə, ümumiyyətlə, görüşə bilmirəm".

O, hesab edir ki, baş verənlərin səbəbi onların çıxışlarıdır: "Bunlar bizim yazılarımıza görə edilir...".

Ü.Həsənli qadın həmkarlarından xahiş edib ki, ona dəstək aksiyasına qoşulmasınlar.

Bu müraciətə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda "AbzasMedia işi" üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimin qərarı ilə "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, "AbzasMedia"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.

Hökmdən sonra onlardan Ü.Həsənli və daha bir neçəsi Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər. Müdafiə tərəfi hesab edir ki, hökm tam qüvvəyə minmədiyindən bu qərar qanunsuzdur.

"AbzasMedia işi" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.

Xatırlatma

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

XS
SM
MD
LG