İyulun 22-də Azərbaycanda Milli Mətbuatın 150 ili tamam olur. Hazırda Azərbaycan həbsdə olan jurnalist sayına görə dünyada öncül yerlərdən birini tutur. Azı 20 jurnalist qaçaqmalçılıq, vergidən yayınma və digər ittihamlarla həbsdədir. Ötən il Milli Mətbuat Günündə həbsdə olan jurnalist sayı 10-dan çox idi. Jurnalistlər ittihamları peşə fəaliyyətləri, tənqidi jurnalistika ilə məşğul olmaları ilə izah edirlər.
AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə daxil olmaqla "AbzasMedia" korrupsiya araşdırmaları nəşrinə qarşı cinayət işi üzrə məhkəmə hökmü çıxarılıb, jurnalistlər 7 il yarımdan 9 ilədək həbslə cəzalandırılıblar.
"ToplumTV işi" üzrə məhkəmə prosesi davam edir. "MeydanTV"yə qarşı cinayət işi üzrə, hələlik, istintaq aparılır.
Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Prezident İlham Əliyev iyulun 19-da Şuşa Qlobal Media Forumunda deyib ki, Azərbaycan mediasının inkişafı onu sevindirir və "bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir". Builki tədbirdə də həbsdəki jurnalistlər, müstəqil mediaya qarşı təqiblər, həmçinin ölkədə fundamental hüquq və azadlıqların pozulmasına dair sual səslənməyib. İyulun 21-də isə dövlət başçısı onlarla media işçisini müxtəlif orden və medallarla təltif edib.
Azərbaycan fundamental azadlıqlar üzrə beynəlxalq reytinqlərdə ildən ilə geriləyir. Elə bu il dünyada mətbuat azadlığına görə üç pillə geriləyərək 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb.
Qonşulardan Gürcüstan 11 pillə düşərək 114-cü olub, ötən il indeksdə 43-cü olan Ermənistan bu il irəliləyərək 34-cü pillədə qərarlaşıb.
Beynəlxalq insan haqları, media təşkilatları da Azərbaycan hakimiyyətini tənqidi jurnalistikaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırır.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməklə milli mətbuatın əsasını qoyub. 1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.
XX əsrin əvvəllərində Azərbaycanda "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi" ənənələrini davam etdirib.