Trampın 50 günü Putini dəyişəcəkmi? Analitiklər şübhə edirlər

Donald Tramp və Vladimir Putin

ABŞ prezidenti Donald Tramp ötən həftə Kremlə açıq xəbərdarlıq etdi. O, Kiyevə Avropa vasitəsilə silah tədarükü planlarını elan edərək bildirdi ki, əgər Rusiya Ukraynadakı müharibə ilə bağlı 50 gün ərzində razılığa gəlməsə, ABŞ "çox sərt" tariflər tətbiq edəcək.

Tramp atəşkəsin, yoxsa yalnız hərtərəfli sülh razılaşmasının bəs edəcəyi haqda konkret danışmayıb. Bir çox analitiklər bu ehtimalın az olduğunu deyirlər. Səbəblərinə gəlincə...

Ərazi hədəfləri

Rusiya prezidenti Vladimir Putinin hədəfi təkcə Ukraynanın bir hissəsini işğal etmək deyil, bundan qat-qat genişdir: O, ölkəni fəth etmək, NATO ilə Qərbi zəiflətmək, Moskvanın sovet dövründəki idarəçiliyi Avropanın geniş ərazilərində bərpa etmək istədiyini açıq bildirib.

AzadlıqRadiosunun Rusiya/Ukrayna/Belarus üzrə redaktoru Stiv Qutterman bu haqda yazır.

Amma birbaşa istədiyi də elə ərazi ilə bağlıdır. Rusiya Ukraynanın təxminən 20 faizini işğal edib. 2014-cü ildən bəri Krım yarımadası Rusiyanın nəzarətindədir. Putin rəsmi şəkildə iddia edir ki, Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson regionları da Rusiyanındır. Məsələ bundadır ki, Rusiya bu vilayətlərin böyük hissələri tuta bilməyib.

Rusiya bildirib ki, Ukraynanın həmin dörd bölgədən tam geri çəkilməsi istənilən sülh razılaşmasının ilkin şərtidir. Kiyev bu tələbi qəbuledilməz sayır. Analitiklər deyirlər ki, Putin yalnız hazırda nəzarət etdiyi əraziləri əhatələyən bir razılaşmaya getsə, ölkə daxilində buna mümkün təpkini idarə edə bilər. Amma o, belə bir addım atacağına dair heç bir işarə verməyib.

Əksinə, Rusiya ritorikasında bu tələbdə israr edir.

Putin iddiasını reallığa çevirməyə çalışır, xüsusilə Donetsk bölgəsində irəliləyir, dağıdılmış Pokrovsk şəhərini təzyiq altında saxlayır.

Kremlə yaxın deputat Konstantin Kosaçov Telegram-da Trampın dediyinə belə reaksiya verib: "50 gün ərzində cəbhə xəttində çox şey dəyişə bilər".

Rusiya növbəti həftələrdə hücumunu sürətləndirə bilər, hətta Xarkov və Sumı vilayətlərinə belə.

Rusiyanın sentyabra qədər dörd regionun qalan hissələrini, o cümlədən Zaporojye və Xersonun paytaxtlarını ələ keçirməsi mümkün görünmür. Amma Putinin bu ərazilər üzərində nəzarəti hər hansı sazişdən öncə, heç olmasa, kağız üzərində təmin etmək istəyi daha da arta bilər.

"Mənə görə, Putinin heç bir atəşkəs istəmədiyi aydındır, ən azı onun konstitusiyasında Rusiya ərazisi kimi göstərilən bütün bölgələrə tam nəzarəti əldə etməyincə", –Rusiya parlamentinin keçmiş müxalifətçi deputatı Dmitri Qudkov iyulun 16-da "Current Time" kanalına bildirib.

"Əslində bu, Ukraynanın kapitulyasiyası demək olardı", – o əlavə edib.

Ukraynada "Patriot" hava hücumundan müdafiə sistemi.

"Ultimatumlar qəbuledilməzdir"

Tramp altı ay əvvəl prezident vəzifəsinə başladığı vaxtdan bəri Ukraynadakı müharibəyə son qoymaq üçün vasitəçilik etməyə çalışır. Seçki kampaniyası zamanı o, bu münaqişəni bir-iki günə həll edə biləcəyini demişdi. Lakin Putin bu cəhdlərə dirəniş göstərib, ABŞ-nin 30 günlük atəşkəs çağırışını ehtiyatlı ifadələrlə rədd edib. Tramp son həftələrdə Putinə qarşı sərt açıqlamalar verib.

Amma 50 günlük xəbərdarlıq Trampın Kremlə ilk ultimatumudur – bu isə Putin üçün xoşagəlməz təzyiq formasıdır. Axı o, digər ölkələrin Rusiyanı "bərabər tərəf kimi" tanımasını xarici siyasətinin bir hissəsinə çevirib. Beləliklə, Qərbdə bir çoxları Trampın Putinə konkret tələblər irəli sürməsini istəsə də, ultimatumun razılaşma şanslarını artırıb-artırmadığı hələ də aydın deyil.

Putin Trampın açıqlamaları barədə ictimaiyyətə heç nə deməyib. Xarici işlər nazirinin, Moskvanın Vaşinqtonla əlaqələrinə məsul olan müavini Sergey Ryabkov isə deyib ki, "istənilən tələblərin, xüsusilə ultimatumların verilməsi bizim üçün qəbuledilməzdir".

Günahlandırma oyunu

Kreml ümid edə bilər ki, Trampın son həftələrdə Putinə qarşı dönüşü o qədər də möhkəm olmasın, sentyabra qədər razılaşma əldə olunmasa, çərxi-fələk dönsün və ABŞ prezidenti ən azından günahı qismən Kiyevin üstünə atsın.

Rusiyada geniş yayılan fikirlərdən biri budur ki, Trampın hazırkı diqqəti keçicidir və Ukraynaya artan dəstək "Putinə təzyiqi artırmaq və bu yanaşmanın nəticə verib-verməyəcəyini sınamaq məqsədilə atılmış bir manevrdir". Bunu "Karneqi" Rusiya Avrasiya Mərkəzinin aparıcı tədqiqatçısı Tatyana Stanovaya X-də yazıb.

Bu fikri dəstəkləyənlər inanırlar ki, "belə təzyiqin təsirsiz olduğu üzə çıxanda, – bu, yaxın vaxtlarda gözlənilir, – Tramp, ehtimal ki, əvvəlki diplomatik kursa qayıdacaq, kompromisə nail olmaq üçün Ukraynaya da təzyiq göstərəcək", – Stanovaya Trampın açıqlamalarından əvvəl yazıb.

Tramp əvvəllər də günahın böyük hissəsini Ukraynanın üzərinə atıb. Onun 14 iyul açıqlamalarında isə diqqətdən kənarda qalan bir məqam var idi: Tramp 50 gün ərzində razılıq əldə etmək təşəbbüsünün Ukraynaya da təsir edəcəyini vurğulayıb.

Vladimir Putin və Si Cinpin

"Hələ tam hazır deyil"

Hər halda, iki səbəbdən sanksiyalar hədəsinin Putini Ukrayna ilə müharibəni müvəqqəti dayandırmaq və ya bitirmək üçün razılığa daha da yaxınlaşdırma ehtimalı azdır. Birincisi, Trampın təhdidinin – Rusiyadan neft alan ölkələrə tariflər və ya sanksiyaların necə işləyəcəyi hələ aydın deyil.

Trampın 14 iyul açıqlaması "Rusiyanın iqtisadiyyatına zərbə vurmaq niyyətinə görə təqdirəlayiq olsa da, detalları baxımından hələ tam hazır deyil", – Atlantik Şurası tədqiqat mərkəzinin əməkdaşı, 2014-cü ildə Krımı işğal etdikdən sonra ABŞ-nin Rusiyaya tətbiq etdiyi sanksiyaların memarı Deniel Frid "Just Security" podkastında bildirib.

"Çin və Hindistan Rusiyanın enerji ixracatında ən böyük iki alıcıdır və onların Putinə növbəti 50 gün ərzində müharibəyə son qoyması üçün təzyiq göstərəcəyini gözləmək sadəlövhlükdür", – Stenford Universitetinin siyasi elmlər professoru, 2012-2014-cü illərdə ABŞ-nin Rusiyadakı səfiri olmuş Maykl Makfol "Time" jurnalında yazıb.

Trampın Ukraynaya vəd etdiyi silahlara gəlincə, Frid deyir ki, əgər Trampın Ukraynaya silah tədarükləri və Rusiyaya iqtisadi təzyiq barədə açıqlamaları "dəqiqləşdirilsə, gücləndirilsə və həyata keçirilsə", bu, müharibə və sülh yolunda böyük fərq yarada bilər.