Ukrayna Rusiyaya sülh danışıqlarının yeni raundunu təklif edir

Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev gələn həftə sülh danışıqlarının yeni mərhələsinin keçirilməsi üçün Moskvaya təklif göndərib. Tərəflər arasında sonuncu danışıqlar iyunun əvvəlində baş tutub, ancaq davam edən müharibənin sonlandırılması istiqamətində irəliləyiş əldə olunmayıb.

"Atəşkəsə nail olmaq üçün hər şey edilməlidir", - Zelenski iyulun 19-da axşam ənənəvi müraciətində deyib.

"Rusiya tərəfi qərarlardan gizlənməyi dayandırmalıdır", - o əlavə edib.

Zelenski rusiyalı həmkarı ilə şəxsən görüşməyə hazır olduğunu bir daha təkrarlayıb: "Həqiqi və davamlı sülhün təminatı üçün liderlər səviyyəsində görüş lazımdır".

Mayda və iyunun əvvəlində İstanbulda Rusiya və Ukrayna arasında birbaşa sülh danışıqları baş tutub, tərəflər müharibə əsirlərinin və həlak olanların meyitlərinin mübadiləsi barədə razılıq əldə edib. Lakin 2022-ci ilin fevralında Rusiyanın öz qonşusuna qarşı başlatdığı irimiqyaslı işğal ilə başlayan hərbi münaqişədə atəşkəsə nail olmaq üçün heç bir irəliləyiş əldə edilməyib.

Zelenski bildirib ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni rəhbəri Rustem Umerov qarşıdan gələn həftə görüşün keçirilməsi üçün Moskvaya təklif göndərib. Prezident Zelenski əlavə detallar barədə məlumat verməyib.

Ukraynanın keçmiş müdafiə naziri ötən aylarda Türkiyədə keçirilən danışıqlarda Kiyevdən gedən nümayəndə heyətinə rəhbərlik edib.

İyulun 20-də Rusiya dövlət televiziyasında Kremlin sözçüsü Dmitri Peskovun müsahibəsindən yayımlanan fraqmentdə o, Putinin Ukrayna ilə sülh nizamlanmasına doğru irəliləməyə hazır olduğunu deyib, lakin Moskvanın əsas məqsədinin işğalın əvvəlində qarşıya qoyduğu məqsədlərə çatmaq olduğunu vurğulayıb.

"Prezident Putin Ukrayna nizamlanmasının mümkün qədər tez sülh yolu ilə yekunlaşdırılması istəyindən dəfələrlə danışıb. Bu, uzun prosesdir, səy tələb edir və asan deyil", - Peskov bildirib.

"Bizim üçün əsas olan hədəflərimizə çatmaqdır. Məqsədlərimiz bəllidir", - o qeyd edib.

Rusiya Ukraynadan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini, o cümlədən hələ də Kiyevin nəzarətində olan hissələrinin verilməsini tələb edib.

Moskva həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayına və Kiyevin xarici hərbi əməkdaşlığına ciddi məhdudiyyətlər qoyulmasını istəyib.

Moskva dəfələrlə danışıqların yeni raunduna hazır olduğunu bildirsə də, bu arada Ukraynaya qarşı hava hücumlarını intensivləşdirib.