Almaniya əks-kəşfiyyatı bildirir ki, Rusiyanın casusluq fəaliyyəti artıb

Almaniya

Almaniya Hərbi Əks-Kəşfiyyat Xidmətinin rəhbəri Martina Rozenberq Rusiya xüsusi xidmət orqanlarının casusluq və diversiya fəaliyyətlərinin artdığını bildirib.

"Biz casusluq və hibrid tədbirlərin kəskin artımından danışırıq. Yanaşma daha kütləvi və aqressiv xarakter alıb", - Rozenberq DPA agentliyinə verdiyi müsahibədə deyib.

Rozenberqin sözlərinə görə, Rusiya xüsusi xidmətləri "öz alətlər dəstini genişləndirir". Onlar xüsusilə hərbi obyektlər və hərbçilər üçün təlim mərkəzləri barədə məlumat toplamaq məqsədilə pilotsuz uçuş aparatlarından istifadə edir. Almaniya xüsusi xidmət orqanları bu cəhdləri Bavariyada yerləşən Qrafenver hərbi bazasında və Vildfleken poliqonunda, eləcə də Reynland-Pfalts əyalətindəki İdar-Oberştayn bazasında müşahidə edib.

Rozenberq deyib ki, Rusiya agentləri Almaniyaya üçüncü ölkələr vasitəsilə daxil olmağa davam edir. "Onlar münasibətlər qurmağa və etimad üçün zəmin yaratmağa çalışırlar. Risk ondan ibarətdir ki, hədəf ola biləcək şəxslər arasında rus kökləri olanlar, etnik alman repatriantlar və ya Rusiya ilə əlaqəsi olanlar da var", - o bildirib.

2025-ci ilin martında məlum olub ki, Xristian-Demokrat İttifaqının Bundestaqdakı deputatı Kristian Xirte 2023-cü ildə FSB ilə əlaqəsi olan rusiyalı Konstantin Xrapovu işə götürüb. Bundan əvvəl isə Rusiya xüsusi xidmət orqanlarının "Almaniya üçün Alternativ" partiyasından deputatın keçmiş köməkçisi Vladimir Serqiyenkonu ələ aldığı barədə məlumat yayılmışdı. 2024-cü ildə o, Almaniya vətəndaşlığından məhrum edilib.