ABŞ Ukraynada sülhün 'yol xəritəsi'ni görmək istəyir

M.Rubio və S.Lavrov Kuala-Lumpurda görüşüb.

ABŞ dövlət katibi Marko Rubio Kuala-Lumpurda keçirilən ASEAN ölkələrinin regional təhlükəsizlik forumu çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

İnformasiya agentliklərinin xəbərinə görə, tərəflər arasında görüş 50 dəqiqə davam edib. Görüş zamanı müzakirə olunan mövzular arasında Rusiyanın Ukraynada apardığı müharibə, İran və Suriya ətrafındakı vəziyyət, eləcə də iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması ilə bağlı məsələlər yer alıb.

Moskva Rusiya ilə ABŞ arasında birbaşa uçuşların bərpası məsələsini də qaldırıb.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir ki, Lavrov və Rubio "münaqişələrin dinc yolla həllinə, Rusiya-Amerika iqtisadi və humanitar əməkdaşlığının bərpasına, həmçinin iki ölkənin cəmiyyətləri arasında azad təmasların təşviqinə qarşılıqlı marağı təsdiqləyiblər".

"Reuters"in məlumatına görə, Rubio Lavrovla görüşündə Rusiyanın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli məsələsindəki mövqeyində çevikliyin olmamasından məyusluğunu ifadə edib. Onun sözlərinə görə, ABŞ bu münaqişənin başa çatdırılması üçün "yol xəritəsi" görmək istəyir. O, Lavrovla söhbətini "açıq və vacib" adlandırıb.

Rubio həmçinin deyib ki, Lavrov ona Ukraynada müharibənin sona çatdırılması ilə bağlı əvvəl səsləndirilməmiş yeni təkliflər barədə də məlumat verib.

"Düşünürəm ki, bu, yeni və fərqli bir yanaşmadır... Mən bunu sülhə zəmanət verən adlandırmazdım, lakin bu, bizim prezidentə çatdıracağımız konsepsiyadır", - Rubio vurğulayıb. ABŞ dövlət katibi bu təkliflərlə bağlı hər hansı detalı açıqlamayıb.

Malayziyadan sonra Lavrov Rusiyanın davamlı olaraq hərbi əməkdaşlığını gücləndirdiyi Şimali Koreyaya səfər edəcək.