Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalovun (Basqal) həbs müddəti daha 2 ay uzadılıb.
İyulun 21-də bununla bağlı Suraxanı rayon Məhkəməsi istintaq qurumunun vəsatətini təmin edib.
K.Basqalın yaxınlarının sözlərinə görə, prosesdə iştirak edən müstəntiq həbs müddətinin artırılması ilə bağlı vəsatəti müdafiə edib və bunu istintaqın hələ başa çatmaması ilə izah edib.
Müdafiə tərəfi isə bununla razı olmayıb. Onlar hesab edirlər ki, K.Basqalın həbsdə olduğu bu 4 ayda istintaq hərəkətı aparılmayıb.
Lakin hakim istintaq orqanının vəsatətini təmin edib.
"Üstəlik, Kənan Basqalın ailə üzvləri ilə görüşünə qanunsuz olaraq qadağa qoyulub", - onun yaxınları AzadlıqRadiosuna bildiriblər.
Bu deyilənlərə cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
K.Basqal bu il martın 21-də saxlanıb. O, Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 36 yaşlı bir şəxsi qarın nahiyəsindən bıçaqlamaqda ittiham edilir. K.Basqal ittihamı qəbul etmir və şərləndiyini bəyan edib.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Onlardan bir neçəsinin də elə AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olduğu bildirilir.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.