Azərbaycana gələnlər Gürcüstana gedənlərdən az qala 3 dəfə azdır

Sizin brauzer HTML5-i dəstəkləmir

Moskva ilə Bakı arasındakı gərginlik Azərbaycanın turizm sektoruna necə təsir edəcək?

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 178 ölkəsindən 1 milyon 217.4 min xarici və ya vətəndaşlığı olmayan şəxs səfər edib.

Dövlət Statistika Komitəsi (DSK) Dövlət Sərhəd Xidmətinə (DSX) istinadla bildirir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz azdır: "Gələnlərin 25.8 faizi Rusiya Federasiyası, 17.6 faizi Türkiyə, 9.4 faizi Hindistan, 8.2 faizi İran, 4.2 faizi Gürcüstan vətəndaşları olublar...".

Rəsmi açıqlamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 1.9, Tacikistandan – 1.8, Çindən isə - 1.6 dəfə artıb: "2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0.7 faiz azalaraq 988.2 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 14.2 faiz, Gürcüstana gedənlərin sayı 25.3 faiz artıb, Türkiyəyə gedənlərin sayı 4.3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 24.6 faiz azalıb".

Azərbaycana səfər edənlərin neçə faizinin turist olduğu açıqlanmır. Ölkəyə gələn xaricilər və vətəndaşlığı olmayan şəxslərin 74.3 faizi hava, 24.3 faizi dəmiryol və avtomobil, 1.4 faizi isə dəniz nəqliyyatından istifadə ediblər.

Gürcüstanla müqayisə…

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qonşusu Gürcüstana 3.2 milyon beynəlxalq səyahətçi gəlib.

Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, onlardan 2.3 milyonu turist olub: "Bu, turizm üzrə yeni rekorddur. Beynəlxalq səyahətçilərin səfərləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.4 faiz artıb. Turist səfərlərinə gəlincə, ötən ilin iki rübü ilə müqayisədə onlar 6.9 faiz artıb".

Məlumatda vurğulanır ki, yanvar-iyun aylarında Gürcüstana ən çox səfər edən Rusiya vətəndaşları olub – 581.1 min: "Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz çoxdur. İlk beşliyə Türkiyə, Ermənistan, İsrail (171.3 min. + 35.7 faiz) və Azərbaycan (135.2 min. + 36 faiz) da daxil olub".

Gürcüstan əhalisi 3.8 milyon, Azərbaycanın isə 10 milyondur.

Yerli ekspertlərin fikrincə, Azərbaycanda Gürcüstanla müqayisədə qiymətlər daha yüksəkdir. Üstəlik, 2020-ci ilin martında koronovirus pandemiyası ilə bağlı Azərbaycandan xarici ölkələrə quru yolla gediş-gəliş məhdudlaşdırılıb və bu qadağa hələ də qüvvəsindədir.

Həmin ekspertlərin fikrincə, bu qadağa olmasa, xüsusilə Azərbaycan vətəndaşlarının Gürcüstan, İran və Rusiyaya gediş-gəlişi daha çox olardı. Məhdudiyyətin olmadığı illərdə bir çox Azərbaycan vətəndaşları həmin ölkələrə alış-veriş məqsədilə qısa müddətə səfərlər edərdilər. Onlar bunu Azərbaycanda ərzaq məhsullarının baha olması ilə izah edirdilər.