Yekaterinburq olaylarına görə Azərbaycanda cinayət işi açılıb
"Rusiyada azərbaycanlıların işgəncəyə məruz qalması, xüsusi amansızlıqla öldürülməsi ilə bağlı Azərbaycanda cinayət işi başlanıb". Bu barədə iyulun 1-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
İyunun 27-də Yekaterinburq şəhərində Rusiya güc strukturları əməliyyat keçirib, bir qrup Azərbaycan vətəndaşını və Azərbaycan əsilli şəxsi əvvəlki dövrlərdə törədilmiş cinayətlərdə şübhəli kimi saxlayıblar. Prokurorluq bildirir ki, saxlananlar bərk küt əşyalarla bədənlərinin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirilməklə işgəncələrə məruz qalıblar: "Nəticədə 60 yaşlı, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşı Hüseyn Səfərov saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanının inzibati binasında, onun qardaşı – 55 yaşlı, taksi sürücüsü, iki övlad atası Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus xidməti avtomobildə aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldürülüb".
Azərbaycan Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə, vəzifə səlahiyyətlərini aşma (ağır nəticələrə səbəb olduqda), işgəncə vermə və digər maddələri ilə cinayət işi başlanıb.
AB səfirindən Yekaterinburqdakı zorakılığa reaksiya
Avropa İttifaqının (Aİ) Azərbaycandakı təmsilçiliyinin rəhbəri Peter Mixalko Rusiyada azərbaycanlıların zorakılığa məruz qalmasından narahatlıq bildirib.
"Rusiyada etnik azərbaycanlıların Rusiya təhlükəsizlik qüvvələri tərəfindən zorakılıq, işgəncə, qeyri-insani rəftara məruz qalmasından, bunun ölüm halları ilə nəticələnməsindən dərindən narahatam. Fikirlərim qurbanların və onların ailələrinin yanındadır”, – P.Mixalko X postunda yazıb.
'Rusiya Azərbaycanı cilovlamağa cəhd edir' - Bakı-Moskva gərginliyi pik həddə
Kreml Bakının reaksiyasından təəssüflənir – '... demarşlar üçün əsas olmamalıdır'
Yekaterinburqda baş verənlərlə bağlı Bakının reaksiyasına münasibət bildirən Kreml bəyan edib ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti demarşlar üçün əsas olmamalıdır.
"Bu qərarların qəbul olunmasından səmimi təəssüf hissi keçiririk. Güman edirik ki, Azərbaycan tərəfinin bu cür demarşlara səbəb kimi gördüyü hadisələrin mahiyyəti və səbəbləri ilə bağlı izahat işlərini davam etdirmək vacibdir. Hesab edirik ki, baş verənlər hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlıdır və belə bir reaksiya üçün səbəb ola bilməz və olmamalıdır", - "Interfaks" agentliyi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan sitat gətirir.
"Biz Azərbaycanla yaxşı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyıq", - Peskov vurğulayıb.